Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Addım-addım Çivininq təqaüd proqramına müraciət (Chevening Scholarship)

Addım-addım Çivininq təqaüd proqramına müraciət (Chevening Scholarship)

Britaniya Xarici İşlər Nazirliyi hər il dünyanın müxtəlif ölkələrindən olan  namizədlər üçün bu ölkədə tam təqaüdlə magistr təhsili almaq imkanı təqdim edir. 1994-1995 tədris ilindən etibarən azərbaycanlı tələbələrə imkan yaradan Çivininq proqramı 2016-2017 təhsil ili üçün ən az 3 azərbaycanlı namizədə təqaüd ayırmağı planlaşdırır, hər il büdcədən asılı olaraq, bu rəqəm arta bilər. Müsabiqə artıq elan olunub və müraciət üçün son tarix 3 noyabr, 2015-ci ildir.

Çivininqə müraciət:

Çivininqə müraciət onlayndır.  Bunun üçün www.chevening.org/apply bölməsində qeydiyyatdan keçmək tələb olunur. Sağdakı fotoda göstərildiyi kimi, “Azerbaijan” və “Scholarship” bölmələrini seçib, “search” düyməsinə sıxın, açılan pəncərədə “apply” foto keçidinin üzərinə sıxıb Azərbaycan üçün təqaüd şərtləri olan səhifəyə daxil olun.

Birinci qarşınızda “Eligibility Criteria” (uyğunluq şərtləri) səhifəsi açılacaq, buradakı suallara doğru cavab verdikdən sonra müraciətin digər mərhələlərinə davam edə bilərsiniz. Şərtlər:

-    Bakalavr təhsiliniz olmalıdır.

-   2 illik könüllü, yarım-ştat (part-time) və ya tam ştat (full-time) hər hansı formada iş təcrübəniz olmalıdır.

-   Öz ölkənizdə gələcək lider, qərarverici və ictimai fiqur olmaq ambisiyanız olmalıdır

-   Britaniya vətəndaşlığınız olmamalıdır.

-   Britaniya hökümətindən bundan əvvəl  hər hansı təqaüdünüz olmamalıdır.

-  Britaniya hökümətinə aid qurumlarda: səfirlik, konsulluq, universitet 2013-cü il iyul ayından sonrakı müddətdə hər hansı daimi, müvəqqəti iş, praktika kimi fəaliyyətiniz olmamalıdır.

-  Yuxarıda sadalanan qurumlarda, qeyd edilən tarixdən etibarən çalışmış ailə üzvünüz olmamalıdır.

-  Nəhayət, təhsilinizi bitirdikdən sonra ən az 2 il müddətinə Azərbaycana qayıtmağa hazır olmalısınız. (Qorxmayın, bu İngiltərə vizasına aiddir və işinizin xarakterindən asılıdır, ola bilər ki, siz xaricdə amma Azərbaycanla bağlı bir işdə işləyəsiniz, məsələn, AB-dəki deputat kommissiyamızda və ya Deutche Welle-də Azərbaycan üzrə müxbir)

Nəhayət, müraciət formasına çatdınız!

Şəxsi məlumatlar:

Bunları onlayn ərizədə addım-addım daxil edəcəksiniz.

İngilis dili sertifikatı – Minimum IELTS 6.5 vəya TOEFL IBT 79

Sizin artıq qüvvədə olan belə dərəcəniz varsa, nə əla?! Amma yoxdursa, ruhdan düşməyin. Son tarixə qədər Çivininqə müraciət etdikdən sonra, 14 iyula kimi imtahan verib, nəticələrinizi  onlayn müraciət ərizənizə sonradan əlavə etmə şansınız var.

Britaniya (İngiltərə, Şotlandiya və Şimali İrlandiya) universitetlərindən qəbul sənədi

Qəbul sənədiniz hələ yoxdursa, təəssüflənməyin! Müraciət zamanı sizə verilən 3 universitet proqramı bölməsinə müraciət etdiyiniz və ya etməyi planlaşdırdığınız proqramları arzuladığınız ardıcıllıqla daxil edin. Yəni, əgər hər üç proqramdan da qəbul aldığınız halda ən çox hansında oxumaq istəyirsənizsə, birinci onu qeyd edin. 

Motivasiya məktubları : Şəxsi bəyənatınız (Personal Statement) və Ölkəniz üçün faydanız (Home Country Benefit Statement)

Əslində, bundan əvvəlki müraciətlər zamanı Çivininq bu iki esseni (məktubu) ayrıca məktublar formasında istəyirdi. Keçən ildən etibarən isə, siz məqsədi, əslində, bu iki məktub olan 4 esse sualını birbaşa onlayn ərizənizdə cavablamalısınız.

Bu suallar aşağıdakılardır:

Liderlik və təsir dairəniz barədə (Leadership and Influence) - 50-500 söz arası

Şəbəkələşmə qabiliyyətiniz barədə (Networking skills) - 50-500 söz arası

Britaniyada təhsil almaq (Study in the UK) – yəni ki, nəyə görə seçdiyiniz universitetlər, nəyə görə məhz həmin proqramlar, bunun sizin professional keçmişiniz və gələcək planlarınızla əlaqəsi - 50-500 söz arası

Karyera planınız (Career plan) – Təhsilinizi bitirdikdən sonra planlarınız nələrdir və bunun Çivininqin Azərbaycandakı prioritet sahələrinə töfhəsi nə olacaq? - 50-500 söz arası

Esse suallarının mahiyyətindən də gördüyünüz kimi, bu elə əvvəlki 2 məktubun hissələrə ayrılmasıdır. Ona görə də çalışın iki məktubun 4 paraqrafı kimi düşünəsiniz.

Bu sahədə kifayət qədər uğurlu təcrübələri olmuş dostların məsləhətlərini birləşdirdikdə, motivasiya məktubları vəya bu qəbildən sualların cavablandırmaq üçün aşağıdakı ümumi  tövsiyyələri nəzərə ala bilərsiniz:

Çalışın suallara cavablarınız mümkün qədər qısa olsun. Bir suala maksimum 250 sözlük cavab arzuolunandır.

 CV/Resume-nizdəki məlumatları sıra ilə təkrarlamaq yerinə, onlar içində ən önəmli olanları sizə verdikləri töfhələr baxımından qeyd edin.  

 Çiviniq proqramının niyə məhz sizi dəstəkləməsini ölçmək üçün sizdən soruşulan  gələcək planlarınız barədə (homebenefit statement xarakterli) sualları cavablarkən, çalışın ki, gələcək planlarınızla keçmiş addımlarınızı əlaqələndirməyə çalışın.  Bu sizin planlarınızın inandırıcılığı baxımından önəmlidir.  Müsahibə mərhələsinə keçəcəyiniz təqdirdə də qarşılacağınız suallar bənzər mahiyyətdə olacaq.

Çalışın cavablarınız anlaşılır və yaxşı ingilis-dilində olsun, yazdıqdan sonra grammarly.com kimi onlayn platformalardan vəya ingilisdilli dostlarınızdan yoxlama üçün faydalana bilərsiniz.

Tövsiyə məktubu (Reference letter) – 2 ədəd

Tövsiyə məktublarınızdan ən az birinin akademik, yəni əvvəlki təhsil mərhələlərinizdən biri üzrə müəllimlərinizdən birinin və ingilis dilində anlaşıqlı yazması daha yaxşıdır.

Digər tövsiyə məktubunu sərbəst seçə bilərsiniz. Çalışın həm nüfuzu, həm də sizinlə işguzar münasibətləri olmuş bir şəxsin məktubu olsun:

Yazan müraciət edən sizi nə qədər müddətdir tanıyır?

Sizinlə münasibətləri hansı müstəvidədir? (profesional, adademik, rəhbərlik, könüllü, dini və s.)

Axırıncı dəfə nə vaxt ünsiyyətdə olmusunuz? (Referansınız və siz)

Bu qabiliyyətləriniz haqqında qısa arayış: liderlik və şəbəkələşmə (networking); şəxsi, intellektual və insanlarla ünsiyyət; Britaniyada akademik proqramı bitirmək üçün tələb olunan qabiliyyətə malikliyiniz.

Növbəti mərhələ üçün seçilib seçilmədiyinizlə bağlı (short-list) məlumat,  təxminən yanvar aylarının sonu, fevralda sizə bildiriləcək. Adətən aprel ayında keçirilən müsahibə üçün dəvət emailini mart ayının ilk həftələrindən gec olmayaraq alacaqsınız. Düzdür,  Çivininq müraciətinizlə bağlı yeniliklər (update) olduqda, mütəmadi emaillə məlumat göndərir, ancaq yaxşı olar ki, vaxtaşırı onlayn hesabınızı özünüz də yoxlayasınız. Müsahibə mərhələsi ilə bağlı suallar verməyə tələsməyin :) Birinci mərhələni uğurla keçin, inşaAllah müsahibə mərhələsi, tier4 tələbə vizası və Britaniyada tələbə həyatı üçün faydalı ola biləcək ilkin addımlar barədə  qeydlərimi də bölüşməyə çalışacağam.  Uğurlar!

Nərmin Rəhimli - Çevninq Təqaüdünün 2014-cü il qalibi

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin