Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Aysel Cəbrayılova: "DMC2015 rəqəmsal marketinqə həsr edilən ilk konfransdır"

Oxu.Az DMCBAKU2015-in təsisçisi Aysel Cəbrayılova ilə müsahibəni təqdim edir.

Səhv etmiriksə, bu, (DMC2015) ölkədə keçiriləcək ilk rəqəmsal marketinq konfransı olacaq, bu konfrans ölkədə marketinq mühitinin yaxşılaşdırılmasına və təbliğinə hansı töhvəni verə biləcək?

- Bəli, DMC2015 sırf rəqəmsal marketinqə həsr edilən ilk konfransdır. Konfransda 21 nəfər spiker yerli bazarda əldə etdikləri uğurların sirrlərini, qarşılaşdıqları çətinliklərin həll yollarını paylaşacaq. 250 nəfərədək mütəxəssisin eyni məkanda görüşməsi, bir-birini tanıması, təcrübə mübadiləsi rəqəmsal marketinq mühitinin yaxşılaşdırılmasına və inkişafına təkan verəcəkdir. Həmçinin, konfrans günü 2 yeni texnoloji yenilik, DMC2015-ə özəl çap edilən ana dilimizdə “Bu günün marketinqi” kitabı marketinq sahəsinə tövhəmiz olacaq.

Aysel xanım, belə bir layihənin təşkili hansı ehtiyacdan yarandı, düşünmək olarmı ölkədə insanlar ənənəvi və ya rəqəmsal marketinq haqqında elə də məlumatlı deyillər?

- Dünya təcrübəsi göstərir ki, iqtisadi çətinlik vəziyyətində ənənəvi marketinqdən daha çox büdcə rəqəmsal marketinqə ayrılır. Bu, onun dəqiq ölçülməsi və sürəti ilə bağlıdır. Ölkəmizdə isə bu sahə yenidir və inkişaf mərhələsindədir. Şirkətlərin böyük hissəsi rəqəmsal marketinq alətlərindən istifadə etsələr də təhlilə diqqət etmirlər. Xərclərin düzgün bölüşdürülməsi, nəticənin qısa zamanda əldə edilməsi üçün təhlil mütləqdir. Məhz bu səbəbdən düşünürəm ki, birlikdə müzakirə hər kəsə faydalı olacaq.

Konfransda ekspert kimi çıxış edəcək spikerlər hansı kriteriyalar əsasında seçilib? Ümumiyyətlə, bu gün marketinq sahəsində peşəkar mütəxəssis tapmaq çətin deyil ki?

- Peşəkar mütəxəssis tapmaq çətindir, lakin mümkündür. Seçdiyimiz spikerlərin fəaliyyətini bu ilin əvvəlindən izləyirik. Yerli bazarda aktiv olan, uğurlu layihələrə imza atan mütəxəssisləri dəvət etmişik. 

Konfransda ekspert kimi çıxış edəcək şəxsləri konfransın uğurlu ola biləcəyinə necə inandıra bildiniz? Onları konfransda iştiraka cəlb etmək çətin olmadı ki?

- Təbii ki, ilkin mərhələdə konfransın vacibliyinə spikerləri inandırmaq çətin idi. Biz bu mərhələni uğurla keçdik. Facebook səhifəmiz yayımlanan kimi mütəxəssislərimizin marağı spikerlərimizi əmin etdi ki, düzgün yoldayıq. Hazırda təqdimatların test mərhələsindəyik. Artıq sayılı günlərimiz qalıb. 

Aysel xanım, belə bir layihənin təsisçisi olmağınız onu göstərir ki, siz ölkədə marketinqin inkişafına çalışırsız. Bununla belə, siz Azərbaycanda marketinqin gələcəyini necə görürsüz?

- Bəli, biz Facemark.az komandası, Marketinq Azərbaycan Facebook qrupu, Marketing AİR və məzunları marketinqin inkişafı üçün çalışırıq. Bu istiqamətdə bu günə qədər çoxsaylı tədbirlərin müəllifi olmuşuq, bu gün DMC2015 üzərində işləyirik və gələcək üçün də artıq yeni planlarımız var. Həmçinin, ana dilimizdə marketinq, brendinq, idarəetmə mövzularında kitabları dərc edirik.

Bu konfransın effektivliyindən sonra, gələcəkdə bu sahənin inkişafı üçün hansı addımlar atılacaq?

- Qeyd edim ki, Facemark 30-dək xarici reklam və marketinq festivalının Azərbaycan üzrə partnyoru olub. Hazırda həmin partnyorlarla ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi üçün danışıqlar aparırıq. Həmçinin, DMC2016-nı xarici partnyorlarımızdan biri ilə ortaq edəcəyik. Planlarımız çoxdur, işləyirik.

Konfransın keçirilməsi üçün nəzərdə tutulmuş yer və vaxt necə müəyyən edildi? Nə üçün məhz 31 oktyabr.

- Bizim bundan öncə 3 illik Milli Marketinq Forumu təcrübəmiz olduğu üçün yer və tarixi seçməkdə çətinlik çəkmədik. Bütün işgüzar mütəxəssislərimiz iştirak etsinlər deyə şənbə günü keçirməyi qərarlaşdırdıq. 

Adətən növbəti ilin marketinq planı ilin sonu marketinq mütəxəssisləri tərəfindən növbəti il üçün hazırlanıb rəhbərliyə təqdim edilir. Ona görə də biz 31 oktyabr tarixini seçdik ki, birlikdə təcrübə mübadiləsi edib, uğurlu marketinq strategiyası quraq.

Keyfiyyətli təqdimat imkanlarına və müasir standartlara cavab verdiyinə görə ADA universitetinin zalını seçdik.

Sizcə, nə üçün iştirakçılar bu konfransda iştirak üçün 25 manat ödəməlidir? Bu, onlara hansı faydanı verəcək?

- Rəqəmsal Marketinq dəyişən və yenilənən sahədir. Bu sahəni seçən mütəxəssislər daima özünü inkişaf etdirməli və hər gün öyrənməlidirlər. 1 günə 21 nəfərin təcrübəsini dinləmək, həmkarlarımızla tanış olmaq, yeni texnoloji yenilikləri öyrənmək üçün 25 AZN ödəməyə dəyər.

Aysel xanım, iştirakçı olmaq istəyənlər konfransa biletləri haradan və necə əldə edə bilərlər?

- Konfransa biletləri Facemark-ın ofisindən, Dəmirchi Tower-də 25-ci mərtəbədə yerləşən Times Consulting ofisindən və ya Facebook səhifəmizdən onlayn sifariş edə bilərlər.

Bu gün onlayn mətbuatın marketinq fəndlərini necə qiymətləndirirsiz? Konfransda müzakirə ediləcək mövzulardan biri də mobil tətbiqin vacibliyi barəsində olacaq. 

- Sosial media istifadəçilərinin yarıdan çoxu mobil telefon vasitəsilə aktiv xəbərləri izləyirlər. Buna görə də xəbər saytları üçün saytın mobil versiyası vacibdir. Saytın strukturu, mobil istifadəçilərə rahatlığı, kontentin keyfiyyəti və digər amilləri nəzərə alaraq düşünürəm ki, inkişafa doğru gedirik. Yolumuz uzundur. Uğurlar diləyirəm!

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin