Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Bəhruz Babayev: "Çalışdığım təşkilatın büdcəsini 1 milyon dollara qədər qaldırmışdım"

Oxu.Az-ın “Uğurun tarixi” layihəsinin bugünkü qonağı azərbaycanlı gənclərin Azərbaycan Böyük Britaniya Məzunları İctimai Birliyinin (AUKAA) sədri Bəhruz Babayevdir.

Bəhruz, AUKAA-da sədrliyiniz dövründə hansı işlər görülüb? 

- Keçən il bilirsiniz ki, Əsrin Müqaviləsinin 20 illik yubileyində ilk dəfə olaraq məhz Britaniya Məzunları Birliyi (AUKAA) BP Azərbaycan ilə birlikdə tələbə və məzunlar üçün karyera forumu təşkil etdi. Bu ilin fevralında isə Londonda Qarabağ probleminə aid elmi forum təşkil etmişik. 

Bu il təşkilatın yaranmasının 10 ilidir və biz böyük bir tədbirlə yubileyimizi qeyd edəcəyik.

Əlbəttə, məqsədimiz təşkilata daha çox məzun cəlb etməkdir. 

Təşkilatımızın üzvləri bu il həmçinin “Bakı Avropa Oyunları 2015”-in təşkilat komitəsində çalışdılar. Ümumilikdə ölkədə digər məzunlar birliyi ilə müqayisədə AUKAA ənənəsi olan bir təşkilatdır və bəzi təşkilatların fəaliyyətini dayandırdığı bir vaxtda biz təşkilatımızı qoruya bildik. Bu özü də elə pis nəticə deyil. Eyni zamanda məzunlar arasında iki böyük “AUKAA Networking Event” (şəbəkələşmə tədbiri) keçirmişik. Qısası görülən işlər göz önündədir.

Son dövrlər İngiltərədə təhsil almağa maraq da göz önündədir.

- Elədir. Amma hesab edirəm ki, istər-istəməz manatın Britaniya funt sterlinqinə qarşı nisbətdə yaranan fərqinə görə bu ildən İngiltərədə təhsil alanların sayında azalma müşahidə olunacaq. Məndə olan məlumata görə də dövlət proqramı çərçivəsində təhsil üçün prioritet magistr və doktorantura proqramlarına veriləcək.

Ümumiyyətlə, İngiltərə bahalı ölkədir və orada həm təhsil, həm də yaşamaq üçün kifayət qədər böyük maddi vəsait lazımdır. Uzunmüddətli təhsil üçün nəzərdə tutduqda orta azərbaycanlı ailəsinin övladı üçün bu real təhsil imkanı deyil.

Bəhruz, bilirik ki, hazırda həm də tədrislə məşğulsunuz.

- Bəli. Azərbaycan İqtisad Universitetinin MBA proqramında dərs deyirəm.

İngiltərədə hansı ixtisas üzrə təhsil almısınız? 

- Bristol Universitetində Beynəlxalq İqtisadiyyat, İnkişaf və Təhlükəsizlik ixtisası üzrə magistr təhsili almışam.

İngiltərədəki təhsilimizdən öncə isə Qərb Universitetinin Regionşünaslıq fakültəsini bitirmişəm. Bilirsiniz ki, Azərbaycanda özəl universitetdə oxumağa birmənalı münasibət yoxdur və ona görə də magistratura təhsilimi dövlət universitetlərindən birində almaq istəyirdim.

Elə də oldu ki, Azərbaycan Diplomatik Akademiyasına (ADA Universiteti) qəbul oldum. Qeyd edim ki, mən rayonda yaşadığım üçün orta təhsilimi də rayonda almışam. Universitetə də özüm hazırlaşıb qəbul olmuşdum. Magistratura imtahanına isə ümumiyyətlə, xüsusi hazırlaşmadan getmişdim. Nəticə isə çox yaxşı oldu.

Oxumaqla yanaşı həm də Almaniya Xalq Universitetləri Birliyinin Azərbaycan (dvv international) nümayəndəliyində işləyirdim. Bakıda tək yaşayırdım, yaşamaq və oxumaq üçün əlbəttə ki, pul lazım idi.  

Qərb Universitetində oxuyan zaman da işləyirdim, heç bir problemlə qarşılaşmamışdım. Akademik heyət Bakıda tək yaşamağımı, işləməyimi çox gözəl başa düşürdülər. Belə praktikanı xaricdə təhsil zamanı da müşahidə etdim ki, işləyən tələbəyə xüsusi münasibət və hörmət var. Lakin, həmin dövrdə Bakıda magistratura oxuduğum zaman bunun əksini hiss etmişdim. Beləliklə, 1 illik ADA təhsilindən sonra universitetdən məni xaric etdilər. Həyatımda hadisələrin sonrakı gedişatı sübut etdi ki, bu doğru qərar deyildi.

ADA Universitetindən xaric edildiniz və gedib magistratura təhsilinizi İngiltərədə aldınız?

- ADA Universitetindən xaric olunduqdan sonra düşündüm ki, artıq magistratura təhsili ala bilmədim, bu mərhələ mənim üçün qapandı. İş yerimi dəyişdim və düzünü deyim ki, işim çox maraqlı idi. Daha sonra ABŞ Konqresinin “Açıq Dünya Liderlik Proqramı” çərçivəsində ABŞ-ın paytaxtı Vaşinqton şəhərində səfərdə oldum. Yenidən motivasiyam artdı. 

2006-cı ildə biz tanış olduğumuz zaman ingilis dilində çox da yaxşı danışa bilməyən dostum Ramiz Babayev İngiltərədə təhsil almağa getdi. Bu da məni həvəsləndirdi və araşdırmalar apardım, yenidən başa düşdüm ki, İngiltərəyə təhsil almağa getmək elə də çətin proses deyil.

İELTS imtahanına digərlərindən fərqli olaraq hazırlaşmadan getdim və nəticələr gözlədiyimdən daha yaxşı çıxdı. Sənədlərimi Bristol Universitetinə göndərdim. Bristoldan müsbət cavab gəldi və beləcə də İngiltərə təhsilim başladı.

Təhsil üçün lazım olan maliyyəni necə əldə etdiniz? 

 Dövlət proqramına müraciət etməyi planlaşdırırdım. Baxmayaraq ki, doktorantura təhsilim üçün mən bu proqramdan maliyyələşmə əldə edə bilmədim, lakin, düzünü demək lazımdır ki, o dövrdə dövlət proqramına qəbul daha çətin idi. Ona görə də ora heç müraciət etmədim. Bu addımın da doğruluğunu həyat sübut etdi.

2011-ci ilin mart ayında İngiltərə hökumətinin Çivininq (Chevening) təqaüdünə elan başladı və müraciət etdim. Amerika dövlətinin proqramına da müraciət etdim. Yəni hər yerə müraciət etdim ki, heç olmazsa, bir müsbət nəticə olsun. Elə oldu ki, 85 nəfərin içindən seçilən 2 nəfərdən biri mən oldum.

İngiltərə hökuməti mənim magistr təhsilimi maliyyələşdirdi və mən də təhsilimi orada uğurlu şəkildə ala bildim. Bütün bu hadisələr uğurun tarixi kimi yaddaşımda qalıb. Səni yerli bir universitetdən xaric edirlər, lakin əvəzində sən xaricdə və daha reytinqli olan bir ali təhsil müəssisəsinə qəbul olursan və oradan məzun olursan.

Qeyd edim ki, Bristol Universiteti bir çox akademik reytinq qurumları tərəfindən dünyada 30-cu yerdə olan universitet kimi qəbul olunur. Məzun olandan sonra yeganə arzum o oldu ki, ADA Universiteti də Bristol kimi dünyanın top universitetləri siyahısında yer alsın. 

Hesab edirəm ki, uğur qazanmaq istəyən insanlar keçmişlə yaşamamalıdır. Lakin keçmişdəki uğursuzluqlar səni gələcəyə motivasiya edir.

Gələcəklə bağlı gözləntiləriniz nədən ibarətdir?

- Xaricdə doktorantura təhsili haqqında yenidən düşünürəm. Dövlət proqramına müraciətimin müsbət dəyərləndirilməsi üçün akademik fəaliyyətimi davam etdirirəm. 

AUKAA üzvlərinin peşəkar əməkdaşlığı ilə yaradılmış “Azerbaijan and UK Education Consulting” (AUKEC) adlı xidmət yaratmışıq. 

Məqbul qiymətlərlə liderlik, təşkilati davranış, keyfiyyətli dil kursları açmaq və s. bu kimi planlarımız var. Bu bir növ AUKAA-dan törəmə bir biznes layihəsidir. 

Ölkəyə qayıtdıqdan sonra hər hansı çətinliklə qarşılaşdınızmı?

- Bilirsiniz, xaricdə təhsil alıb qayıdan tələbələr iki hissəyə bölünür: gənc və təcrübəsiz olanlar; orta yaşlı və təcrübəli olanlar. İkinci hissəyə aid olanlar böyük motivasiya ilə qayıdıb, işlər görmək istəyirlər. Lakin, qısa müddətdə başa düşürlər ki, artıq İngiltərədə deyillər. Açığı İngiltərədə görüləcək iş də azdır, hər şey oturuşmuş bir ölkədə yeni nələrsə etmək çətindir.

Amma Azərbaycanda çox işlər görmək olar. İmkanlar var, sadəcə rəqabət mühiti ədalətli deyil. Biznes qurmaq istəyən insanlar mürəkkəb proseslərdən keçməli olur. Bütün bunlar inkişafa pis təsir edir. Lakin, neftin qiymətinin düşməsi və ölkəmizdəki son hadisələr biznesin inkişafı üçün ümidvericidir.

Etiraf etmək də lazımdır ki, çətin mühitdə də uğur qazanmaq olar. Cəmiyyəti günahlandırmaqla vaxt itirmək lazım deyil. Mənim İngiltərədəki tələbə yoldaşlarım var ki, kiçik işlər görürlər. Uğurlu olmaq üçün çox çalışmaq lazımdır. 2005-ci ildən iş həyatındayam, bir çox təşkilatda işləmişəm.

Elə olub ki, təşkilatlara gəlişim onların krizis dönəminə təsadüf edib. Çalışdığım bir Almaniya təşkilatına biz 1 milyona qədər büdcə cəlb edə bilmişdik. Digər, adını çəkmək istəmədiyim təşkilatın büdcəsinə isə böyük miqdarda maliyyə gətirmişəm.

Lakin, bütün bunlarla yanaşı heç vaxt çoxlu pul qazanmamışam, çünki məqsədim hər zaman dəyərlərini qoruyan peşəkar olmaq olub.

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin