Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Dəyişmək mümkündür, sadəcə əzm, iradə, istək və səbir olmalıdır

“Mən polemikanı da, müzakirəni də eyni qaydada sevirəm”.

“28 Cinema”-nın təsisçilərindən biri, Synergy PR-şirkətinin rəhbəri, tanınmış top-menecer Rüfət Abbasovla müsahibə.

Bizim məlumatımıza görə, sizin 10 il peşəkar jurnalist fəaliyyətiniz var. İlk vaxtlar, peşəkar jurnalistlər sizi öz aralarında necə qarşıladı? İmzanız professional jurnalistlər içərisində tezmi seçildi?

- 2006-cı ildən Azercell-də işləməyə başlamışam. Dəqiqliklə deyə bilərəm ki, artıq 8 ildir ki, jurnalistika fəaliyyəti ilə məşğul olmuram. Bu dövrdən sonra bir neçə korporativ press-relizləri nəzərə almasaq, faktiki olaraq heç bir məqalə yazmamışam. Çox gənc yaşlarımdan yerli mətbuatda işləmişəm. 4 il “Reuters” ilə əməkdaşlıq etmişəm. Hətta onların ən gənc jurnalisti idim. Xatırladım ki, xarici mətbuatda işləyə-işləyə yerli mətbuat ilə də əməkdaşlığımı davam etdirirdim.

Əlbəttə ki, əvvəl tanınmırdım, hər şey zamanla həll olundu. Nə dərəcədə tanındığımı deyə bilmərəm, amma karyeramın hər bir mərhələsində işimi sevə-sevə görürəm. Gördüyüm işə münasibət mənim üçün önəmlidir. Bir nüansı da qeyd edim ki, jurnalistikadan getməyimdə də bu amil rol oynadı. Artıq düşünürdüm ki, bu sahə yeni maraq kəsb etmir, ona görə PR, kommunikasiya, marketinq ilə maraqlanmağa başladım. Özəl sektorda bu sahədə çalışdıqdan sonra düşündüm ki, özümü dövlət sektorunda da sınamalıyam. Bürokrat olaraq çalışmaq mənim üçün tamam fərqli təcrübə idi. Mərkəzi Bank ilə 4 illik əməkdaşlıqdan sonra bu qənaətə gəldim ki, artıq öz biznesimi qurmağın vaxtı çatıb.

Yəni inkişafa meyillilik sizi bu addımları atmağa sövq etdi?

- Əlbəttə ki, bu amillər içərisində inkişafa meyillilik, dəyişiklik arzusu da yer alırdı. Gördüyüm işin nəticəsini görməli və hiss etməli idim. Bu faktorlar məndə daha güclü idi.

Mərkəzi Bankla müqayisədə “28 Cinema”-nı idarə edərkən daha çoxmu nəticə əldə edirsiniz?

- Əvvəla “28 Cinema” özlüyündə biznes şərikim və mən başda olmaqla bizim komandanın 1 illik böyük zəhmətinin nəticəsidir. Biz 1 il bu layihə üzərində çalışdıq və hətta tikinti prosesini idarə etdik. Nəticədə “28 Cinema” bazar lideri olmaqla Azərbaycanda premium kinoteatr sahəsində yeni standartlar formalaşdırdı, aktiv marketinq siyasəti ilə bu bazarın inkişafına öz töhfəsini verdi.  

Hər bir insanın uğurunda səbir payı var. Bildiyimiz kimi, bir çox insanlar çox səbirsiz olur – bir işi sonadək öyrənmək istəmir, böyük Nizaminin yazdığı kimi, yarımçıq papaqçılıq edir, adi uğursuzluğa görə bütün karyerasının üstündən xətt çəkir. Rüfət bəy, necə düşünürsüz, qazandığınız uğurda səbrin payı nə qədərdir?

- Səbr hər bir işdə önəmlidir, amma müəyyən limitlər çərçivəsində olmalıdır. Köhnə həmkarlarımdan birinin bir sözü var idi. O deyirdi: “Çayın qırağında otur gözlə, o vaxta qədər ki, düşməninin cəsədi çayda üzüb keçəcək”.

Düşünürəm ki, bu qədər uzun müddət gözləmək, səbir etmək əlavə vaxt itkisidir. Mən abartılı dərəcədə nəticəyə yönəlik insanam. Tez bir zamanda gördüyüm işin nəticəsini əldə etməyə çalışıram. Ona görə, səbir və mən paradoks təşkil edirik.

Müsahibələrinizin birində qeyd etmisiniz ki, kinoteatr açmaq ideyasını sizə dostunuz təklif edib, siz isə bir qədər tərəddüd etmisiniz. Bəs sonradan özünüzü və tərəfdaşlarınızı layihənin uğurlu ola biləcəyinə necə inandıra bildiniz?

- O vaxtlar mənim konsultasiya xidmətləri göstərən PR şirkətim var idi. Həmin şirkətin fəaliyyəti indi də davam edir. Bununla bərabər fikirləşirdim ki, ticarət bumundan faydalanaq və konservativ, limitli, az büdcəli kafe açaq. Xarici işgüzar səfərlərin birində dostum ilə birlikdə kinoteatra getmişdik. Məndən daha ambisiyalı olan dostum təklif etdi ki, kinoteatr açaq.

O deyirdi: “Azərbaycanda bu bazar faktiki olaraq boşdur. Biz o boşluğu doldura bilərik”. Bir qədər tərəddüddən sonra düşündüm ki, cəhd etməyə dəyər. Qeyd edim ki, biz ilk cəhdə özümüzdən başladıq, treninqlərə getdik, bu istiqamətdə xaricdə təlimlərdə olduq, bu işin peşəkarlarından məsləhətlər aldıq. Peşəkar olaraq özümüzü inkişaf etdirdik. Sonra layihəni həyata keçirməyə başladıq. Xatırladım ki, ötən il dekabrın 17-si iki yaşımız tamam oldu.

Neçə saat yatırsız, istirahət etdiyiniz halda belə “biznesimi necə inkişaf etdirə bilərəm?” sualı sizi düşündürürmü?

- Bilirsiz ki, 8 saat normal yuxu normasıdır, amma mən 5-6 saat yatıram. Həftə içi işlər çox olduğundan, az yatmağa çalışıram. Adətən gecə 3-4-ə kimi işlədiyim olub. Düşünürəm ki, gecə çalışmaları daha məhsuldar olur. Həftəsonları isə çox yatmaqla həftə içi aldığım yorğunluğumu kompensasiya edirəm. Biznes və şəxsi həyat balansını da qorumaq vacibdir. Artıq şəxsi həyat və biznes həyatımı balanslaşdırmağa başlamışam.

Müştəri ilə işdə sizin üçün prinsip baxımından nə önəmlidir?

- Bizim üçün müştəri məmnuniyyəti, onun fikri, qənaəti çox önəmlidir. Biz çalışırıq ki, hər hansı dəyişiklik zamanı belə müştərini nəzərə alaq. Kino biznesi xidmət göstərən sektordur. Burda işçilərin dəyişmə sürəti çox yüksəkdir. Ona görə mütəmadi olaraq yeni gələn gənclərə treninqlər keçirik. Müştərilərin narazı qaldığı məqamlar da olur. Heç kim deyə bilməz ki, mənim şirkətim müştəri məmnuniyyətini yüz faiz yerinə yetirir. Belə ki, məsələn, əvvəllər Azərbaycanda müasir kinoteatrlar yox idi, onlar parkinqin yoxluğundan, kassalarda növbələrin olmasından, pop-cornların Rusiyadan gətirilməsindən, zalların balaca və oturacaqların rahat olmamasından narazı idilər. İndi Azərbaycanda müasir kinoteatr açıldı, böyük foyesi, 6 kassası, xaricdən gətirilmiş pop-cornlar və s. Müştərilər bunlara alışdıqdan sonra yenilik istədilər. Düşünürəm ki, kino biznesi çarxın içindəki dələ kimi olmaldır. Daim öz üzərinizdə işləməlisiniz. Yenilik tapmalısınız.

Siz yaxşı bilirsiz ki, bir müddət əvvəl Azərbaycanda kinoteatr biznesi o qədər də inkişaf etmiş sahə deyildi. Ölkədə fəaliyyət göstərən kinoteatrları barmaqla saymaq olardı. Lakin sonradan paytaxtda vəziyyət dəyişdi, kinoteatrların sayı artdı. Bununla belə, bu gün regionlarda kinoteatrların sayı hətta deyə bilərik ki, yox səviyyəsindədir. Rüfət bəy, necə düşünürsüz, sahibkarları biznesin bu sahəsinə - regionlarda kino biznesinin inkişaf etdirilməsinə necə yönləndirmək olar?

- Bizim kimisə inandırmaq deyil də, daha da genişlənmək niyyətimiz var. Potensial gördüyümüz yerlərdə fəaliyyətimizi genişləndirəcəyik. Məsələn: Gəncə, Sumqayıt, Naxçıvan və digər şəhərlərdə. Naxçıvanda bilirsiz ki, kinoteatr fəaliyyət göstərir, onların bizimlə əməkdaşlığı var. Bizim filmləri alıb, yayımlayırlar və satışları kifayət qədər yaxşıdır. 

 Ölkədə kinoteatrlar şəbəkəsinin genişlənməsi milli kinonun inkişafına necə töhfə verə bilər? Kinoteatrlar milli kino işinin maliyyələşdirilməsində maraqlıdırlarmı?

- Təbii ki, maraqlıyıq və biz tərəfdən o dəstək də verilir. Əvvəllər ölkədə çəkilən kinoların gəlir mənbəyi yalnız dövlətdən alınan büdcə əsasında formalaşırdısa, artıq bu tendensiya yavaş-yavaş geridə qalır. Həmin filmlər DVD kimi lisenziyasız satılırdı. Kanallar isə bu tip filmləri pulsuz yayımlayırdı. Son dövrlər bazara üç yerli film daxil oldu. Bu ilin əvvəlindən bazara daha yeni filmlər gələcək və biz onlarla əməkdaşlığı davam etdirəcəyik. Yerli filmlər üzrə bilet satışları çox yüksəkdir. “My name is İntigam” və “Xoxan” çox böyük uğur əldə etdilər ki, bu da yerli filmlərin potensialını göstərdi. Burada əsas məqam çoxluğun nəbzini tutmaqdır. 

Bəs biznesdən kənar həyatınızı necə keçirirsiz? Hobbilər, maraqlar nədən ibarətdir?

- Xüsusi bir hobbim yoxdur. İdmanla məşğul olmağı sevirəm. Yeni maraqlarımdan biri xizək sürməkdir. Boş vaxtlarımı zövqlə keçirməyin yollarından biri də kinoteatrda film izləməkdir. 

Həmin layihələrin kino biznesi ilə əlaqəsi varmı?

- İndi işlədiyim layihə daha çox sahibkarlıq ilə bağlıdır. Amma kino da diqqətdən qalmır. Hədəfləmişik ki, yeni kommersiya filmlərinə sərmayə yatıraq, film yayımı sahəsindəki fəaliyyətimizi genişləndirək. Ortaq layihələr üçün Rusiya və Türkiyə studiyaları ilə danışıqlar aparırıq. 

Sizin 30 yaşınız var. Qazandığınız uğurların müqabilində bu, Azərbaycan üçün bəlkə də çox az bir yaşdır. Öz uğurunuzun sirrini nədə görürsüz? Sizi inkişafa ilhamlandıran amillər hansılardır?

- İngilis bir yazıçı qeyd edir ki, “siz və hədəfiniz arasında yeganə maneə sizin özünüzdən uydurduğunuz və daima təkrarladığınız boş-boş bəhanələrdir”. Həqiqətən də belədir, hansısa bir hədəfiniz varsa, ona çatmağa heç nə mane olmur. İnsanın təbiətindən doğan istedad var. Bir də insanın öz üzərində çalışıb nəyisə hədəfləməyi var. Maddi gəliri bəhanə edənlər belə bilməlidirlər ki, 21-ci əsr texnologiyalar əsridir. Yaxın ailə üzvlərimə, əməkdaşlarıma həmişə deyirəm ki, nəyi bilmirsinizsə Google edin. Hər şeyin cavabı orda var. Dəyişmək çox mümkündür, sadəcə əzm, iradə, istək və sizin də qeyd etdiyiniz səbr olmalıdır. 

Rüfət Abbasov Allaha inanır?

- Bəli, Allaha inanıram.

Şəxsi həyatdan danışaq. Hansı tipli xanımları bəyənirsiniz? Rüfət Abbasovun xanımı olmaq üçün hansı parametr və xarakteristikalara malik olmaq lazımdır?

- Ağıllı, adət-ənənələrimizə dəyər verən, ortaq dəyərlərimiz olan xanım. Vacib deyil ki, onunla bütün məsələlərdə ortaq fikrə gələk. Belə ki, mən polemikanı da, müzakirəni də eyni qaydada sevirəm.

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin