Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Elizabet Vayt: "Britaniyada təhsil, həm də gözəl həyat təcrübəsidir"

“Azərbaycan çox maraqlı, sürətlə inkişaf edən ölkədir”.

Oxu.Az British Council Azərbaycanın direktoru xanım Elizabet Vayt ilə müsahibəni təqdim edir.

Xanım Vayt, bir qədər British Council Azərbaycanın fəaliyyətindən danışardınız.

- British Council Azərbaycanda artıq 22 ildir ki, fəaliyyət göstərir. Təşkilat Böyük Britaniya və digər ölkələr arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafı ilə məşğul olur. Azərbaycanda əsas vurğunu ingilis dilində bilik səviyyəsini artırmaq və gələcəkdə Böyük Britaniyada təhsil almaq istəyən gənclərlə iş üzərində edirik. Bu, çox maraqlı və məsuliyyətli işdir və biz fəxr edirik ki, bu sahədə uzun müddətdir ki, Azərbaycanın Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edirik.

Nə qədər vaxtdır ölkəmizdə çalışırsınız?

- Artıq iki ildir ki, burdayam və hesab edirəm ki, bəxtim gətirib. Azərbaycan çox maraqlı, sürətlə inkişaf edən ölkədir və ümid edirəm ki, uzun müddət burada olacam.

Azərbaycanda təhsil səviyyəsi barədə nə deyə bilərsiniz?

- Düşünürəm ki, gənclər indi yaxşı təhsil almaq üçün bütün imkanlardan istifadə etməyə səy göstərirlər, anlayırlar ki, bu gələcəkdə uğurlu karyera qurmaq üçün nə qədər vacibdir. Şübhəsiz ki, bu ölkənin gələcəyi üçün də vacibdir.

Azərbaycanda təhsil sistemi indi doğru yoldadır. Düşünürəm ki, ölkənizdə təhsilə digər ölkələrdən alınmış təcrübə də pozitiv təsir edir. Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrin sayı ildən-ilə artır və bu gənclər bura qayıtdıqdan sonra təhsilini inkişafına öz töhfələrini verirlər.

Böyük Britaniya və Azərbaycan təhsil sisteminin fərqi nədədir?

- Maraqlı sualdır. Hər bir ölkənin təhsilə öz yanaşması, öz sistemi var. Əlbəttə, fərq var və bu fərq məktəb təhsilindən başlayır. İmtahanlar tamamilə başqa cür qurulub. Biz gənclərə öz qabiliyyət və istedadlarını inkişaf etdirməyə, uğurlu mütəxəssis olmalarına yardım etməyə çalışırıq. Biz azərbaycanlı tələbələrin yaxşı təhsil almaq cəhdini dəstəklədiyimizə şadıq.

Bizim tələbələr Böyük Britaniyada təhsil alarkən özlərini necə büruzə verirlər? Onlar uğur qazanırlar?

- Sözsüz. Azərbaycanda əldə etdikləri bilik bazası sayəsində, onlar tez bir zamanda uyğunlaşırlar və yetərincə uğurlu təhsil alırlar. Bütün bunlardan başqa, digər ölkədə təhsil almaq, həm də gözəl həyat təcrübəsidir. Böyük Britaniya universitetlərinə gedərkən, orada azərbaycanlı tələbələri görmək mənə xoşdur – onlar yeni şəraitə yaxşı uyğunlaşır və təhsildə böyük uğurlar qazanırlar.

Bildiyim qədər 7 və 8 noyabr tarixlərində növbəti “Education UK – Birləşmiş Krallıqda Təhsil” sərgisi keçiriləcək...

- Bəli, bu son üç ildə keçirilən artıq beşinci sərgimiz olacaq. Sərgi hamı üçün - uğurlu karyera qurmaq istəyən, Ali məktəb müəllimləri, tələbələr, məktəblilər və onların valideynləri, eləcə də daha yüksək nailiyyətlər əldə etmək istəyən peşəkarlar üçün maraqlı olacaq.

Sərgidə Böyük Britaniyada təhsil barədə məlumat veriləcək. 28 təhsil müəssisəsi təqdim ediləcək, onlardan 6-sı kollec, məktəb və dil kursları, 22-si isə universitetdir.

Sərgidə arzu edən hər kəs iştirak edə bilər. Ötən tədbirlərimizi minlərlə adam ziyarət edib, düşünürəm ki, bu dəfə də maraq az olmayacaq. Sərgilərimizə gələn gənc insanlarda ən çox sevdiyim cəhət, onların öz qarşılarında aydın məqsədlər qoyduqları, nə istədiklərini bilmələri, konkret suallar vermələridir. Azərbaycanın böyüyən nəsli haqqında məndə çox müsbət təəssürat yaranıb.

Sərgi zamanı universitet nümayəndələri seminarlar keçirəcək, bu da Böyük Britaniyada təhsilin hansı üstünlüklərə malik olduğunu görərək qərar qəbul etmək üçün yardım məqsədi daşıyır. Seminarlar həmçinin IELTS imtahanları sistemi üzrə də aparılacaq, bilirsiz ki, Böyük Britaniyada təhsil almaq üçün bu imtahanları vermək lazımdır.

Sərgiyə gələnlər arasında müsahibələr və lotereya keçiriləcək, nəticələrə görə mükafatlar təqdim ediləcək. Bir qayda olaraq sərgiyə daha çox gənclər, əsasən də tələbələr gəlir, biz onlara yalnız informasiya təqdim edəcəyimizi deyil, eləcə də onların maraqlı gün keçirəcəklərini vəd edirik. Sərgidə gənc insanlar Birləşmiş Krallığın həyat tərzi ilə tanış ola bilər, xaricdə artıq təhsil almış insanlardan – məsələn, evi kirayələmək, bankda hesabını idarə etmək, həyat tərzinə uyğunlaşmaq və s. kimi faydalı məsləhətlər ala bilərlər.

Əgər sərgiyə gəlmək istəyirsinizsə, əvvəlcədən onlayn qeydiyyatdan keçməlisiniz. Amma heç bir qeydiyyatdan keçmədən də gələ bilərsiniz, biz hamını orada görməkdən şadıq.

Bizim Facebook səhifəmizdən sərgi barəsində ətraflı məlumat əldə edə bilərsiniz.

Həmçinin qeyd etmək istərdim ki, bizim media sponsorlarımızdan biri gənclər və hətta uşaqlar arasında böyük populyarlıq qazanmış “National Geographic Azərbaycan”dır. Mənim bu gün burada olmağımda “National Geographic”in əməyi böyükdür, mən bu jurnalı həmişə böyük maraqla oxumuşam, bu jurnal mənə yeni məkanlara maraq aşılayıb.

Azərbaycandan təxminən hər il neçə tələbə təhsil almaq üçün Böyük Britaniyaya yollanır?

- Hər il təxminən 1000 nəfər bu məqsədlə Böyük Britaniyaya yollanır, onlardan 500-ü ali təhsil alır, daha 500-600 nəfər isə dil məktəblərində oxuyur. Hal-hazırda Böyük Britaniyada Azərbaycandan 800 nəfər tələbə var. 10 il bundan öncə isə orada yalnız 100-ə yaxın tələbə təhsil alırdı.

Siz tələbələr ilə Azərbaycana qayıtdıqdan sonra əlaqə saxlayırsınız? Onların uğurları haqqında sizə nə məlumdur?

- Bəli, onların çoxu indi müxtəlif yerli və xarici şirkətlərdə, eləcə də dövlət idarələrində çalışırlar.

Gələcək üçün nə planlarınız var?

- Biz Böyük Britaniya və Azərbaycan universitetlərinin tərəfdaşlığının inkişafı, ikitərəfli əməkdaşlıq və təcrübə mübadiləsində maraqlıyıq.

Eləcə də planda maraqlı və çox şey vəd edən onlayn və distant təhsil layihəsi var. Təhsilin bu növü indi sürətlə inkişaf edir. Axı xaricdə təhsil ucuz deyil, amma distant təhsil elə də böyük məsrəf tələb etmir, nəticədə isə tələbə eyni həcmdə bilik və analoji diplom əldə edir.

Bununla əlaqədar gələn ildən tələbələrin xaricdə təhsili ilə məşğul olan Azərbaycanda bir neçə xaricdə təhsil agenti ilə iş qurmağı və onlara bu növ təhsil barədə tam informasiyanı təqdim etməyi planlaşdırırıq.

Ümid edirəm ki, gələn il bu təhsil sistemi Azərbaycanda çox populyar olacaq.

Həqiqətən də Böyük Britaniyada təhsil ucuz başa gəlmir və heç də hər kəs bunu özünə icazə verə bilmir...

- Bəli, amma burada nəzərə almaq lazımdır ki, bizim təhsil, həm də çox keyfiyyətlidir, ona görə də ucuz ola bilməz. Burada biz sürətləndirilmiş proqramlar təklif edə bilərik, məsələn, təhsil kursu iki ilə deyil, bir ilə başa gəlir, eləcə də onlayn və ya məsafəli təhsil təklif edə bilərik.

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin