Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Nərmin Rəhimli: "Uğur qarşına qoyduğun məqsədə gedən yolda kiçik nailiyyətlərdir"

Oxu.Az-ın “Uğurun tarixi” layihəsinin növbəti qonağı azərbaycanlı gənclərin Azərbaycan Böyük Britaniya Məzunları İctimai Birliyinin (AUKAA) üzvü Nərmin Rəhimlidir.

Hansı sahə üzrə magistr təhsili aldınız?  

- Ölkəmizdə Hüquq fakültəsini bitirmişdim. İngiltərədə isə İctimai siyasət və İctimai İdarəetmə üzrə magistr təhsili aldım. İndi müqayisə edəndə görürəm ki, gördüyüm işlər, müşahidə etdiyim proseslərin elmi tərəfi ilə tanış olmaq məndə proseslərə emossional yanaşmanı dəyişib.

Nəzərdə tutduğum, hər məsələdə alternativ həll yolları haqda düşünmək imkanıdır. Tutaq ki, faydalı iş görmək istəyirsiniz və bir istiqamət seçmisiniz. Əgər o yol fayda gətirmirsə, bu halda bu yola emossional bağlılığınızla özünüzü məhdudlaşdırmadan, fərqli nələr edəcəyiniz haqda düşünməyə başlamalısınız.  

Belə nəticəyə gəlmək olar ki, xarici təhsilinizi məhz ictimai fəaliyyətinizdə daha da faydalı olmaq üçün almısınız…  

- Bilirsiniz, artıq formalaşmış dəyərləriniz, seçimləriniz olsa belə, daha inkişaf etmiş ölkələrdəki təhsil fərqli baxış bucaqları, daha zəngin dünyagörüşü formalaşdırır, və son nəticədə açıq cəmiyyətdə uzun müddətlik yaşamaq sizi daha böyük şəkilləri görməyə vadar edir. Orada ağlıma daha böyük ideyalar gəlirdi.

Düzdür, qayıtdıqdan sonra, bir çoxlarında olduğu kimi müəyyən dövr qeyri-müəyyənlik olur. İlk başlarda tərəddüd yaşayırsan, karyeranı biznes sektorunda davam etdirmək fikri və fərqli istəklər baş qaldırır. Amma elə bir görüş olur və ya fikirlərlə qarşılaşırsınız ki, Sizi silkələyir, özünüzə qaytarır. Hansı məqsəd və arzularla xaricdə təhsil üçün can atdığınızı yada salırsınız...

Artıq adaptasiya mərhələsini geridə qoymuşam. Hazırda Müsbət Dəyişikliyin qeydiyyat işləri ilə məşğulam.

Nərmin, yeni layihələr və ya ideallar varmı?  

- Mən İngiltərədə olarkən burada dostlar, xaricdə təhsil alan gənc Azərbaycanlılar şəbəkəsi tərəfindən, ölkəmizin gənc və ali təhsilli insan kapitalından ən yaxşı şəkildə istifadə etməyi qarşısına məqsəd qoyan müstəqil analitik mərkəz, “İctimai Siyasət İnstitutu”-nu qurublar.

Hazırda sözügedən mərkəz tərəfindən ölkənin post-neft dövrü inkişafına yeni, innovativ həll üsulları axtarışıyla “Sosial İnnovasiya Müsabiqəsi” layihəsi üzərində işlər aparılır. Mən də bu layihəyə töfhə verməyə çalışıram.

Bundan başqa, çox istərdim ki, İngiltərədə aldığım təhsili gənclərimizlə bölüşüm. Buna görə də, magistr diplomumun nostrifikasiyasından dərhal sonra dərs demək üçün universitetlərimizə müraciət etməyi planlaşdırıram. Həm də öz ixtisasımla bağlı məşhur məqalələrdən tərcümə ilə də məşğulam.

Hesab edirəm ki, bu məqalələr tələbələrimiz üçün fərqli mənbə imkanı ola bilər. Ümumiyyətlə, həmişə inanmışam ki, aldığınız təhsil Sizdən başqa heç kimə xidmət etmirsə, o zaman bu təhsilə ayırdığınız günlər sadəcə vaxt itkisi olacaq.

İngiltərə təhsili davamlı akademik karyera üçün əvəzolunmaz təhsil mühitlərindən biridir. Düzdür, mən daha çox praktik təhsildə maraqlıyam və bu səbəbdən gələcəkdə həm də Amerikada təhsil almaq fikrim var.

Sonda sizə ənənəvi sualımızı vermək istəyirəm. Sizin üçün uğur anlayışı nədən ibarətdir? 

- Mənim üçün uğur qarşına qoyduğun məqsədə gedən yolda əldə etdiyin kiçik nailiyyətlərdir. Tələbəliyimin ilk vaxtlarından bu günə kimi əsas məqsədim gördüyüm işlərlə cəmiyyətə, insanlara fayda vermək olub. Şəxsi inkişafımı da bu işlərlə paralel aparmışam. Bundan sonra da qarşıma çıxacaq imkanları bu məqsədimə çatmaq üçün dəyərləndirəcəm.

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin