Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Elçin Əskərov: "Steve Jobs, Bill Gates, Mark Zuckerberg kimi düşünməyə, onların addımlarını təkrarlamağa çalışmayın."

“İlin startapı” mükafatını qazanmış  ̋Onbranch” mobil tətbiqinin təsisçisi Elçin Əskərovla müsahibəni təqdim edirik:

Elçin bəy, “Onbranch” mobil tətbiqinin digərlərindən fərqli xüsusiyyətləri nədən ibarətdir?

Hal-hazırda məkanların servislərinin virtual proyeksiyasını yaradırıq. Daha aydın desək, Virtual MALL yaratmışıq. Orada həm insanlar, həm də servislər var. Həmçinin “Onbranch”da məkanların menyuları, üçölçülü reservasiya sistemi, onlayn satış, endirimlər və s. Eyni məkanda olan istifadəçilər bir-biri ilə tanış olmaqla yanaşı ümumi qrup çatdan yararlanmaq və həmin məkanda şəkil paylaşmaq kimi unikal imkanları da var.

Harada təhsil almısınız və təhsiliniz layihənizin yaranmasına, formalaşmasına və inkişafına nə kimi təsir göstərib?

Ali təhsilimi Azərbaycan Memarlıq və İnşaat Universitetində almışam. Sonra İtaliyanın Florensiya və Uelsin paytaxtı Kardiff şəhərində təcrübə keçmişəm. Qayıtdıqdan sonra memarlıqla bağlı bəzi dövlət layihələrində iştirak etmişəm. O layihələrdən əldə etdiyim gəliri "Onbranch”ın reallaşmasına sərf etmişəm. 

"Onbranch" mobil tətbiqini yaratmaq ideyası nə zaman və necə yarandı, bu işdə sizə kimlər dəstək oldu?

2015-ci ildə axşam qatarla Londondan Kembric şəhərinə yığıncağa gedirdim. Qatarda bir qız gördüm, mənimlə üzbəüz oturmuşdu. Diqqətimi çəkdi. O da mənə baxırdı. Düşündüm ki, Kembricdə qatardan düşəndə yaxınlaşıb ünsiyyət quracağam. O, Fokston stansiyasında düşdü. Mən də onun arxasınca getdim. Qız geri çevrilərək mənə baxıb gülümsədi. Bu zaman maşinist qatarın yola düşdüyünü elan etdi. Mənim telefonum və digər əşyalarım qatarda qalmışdı. Tələsik qatara qayıtmaq məcburiyyətində qaldım. Çox pərt olmuşdum ki, qıza yaxınlaşdım, amma bir söz deyə bilmədim. Həmin hadisədən sonra tanış olmaq üçün daha asan vasitənin vacib olduğunu anladım. Biz daim ətrafdakı insanları itiririk. Texnologiya buna kömək olmalıdır. Azərbaycana qayıtdıqdan sonra komandam ilə birlikdə bu məsələnin həlli yollarını araşdırdıq və nəticədə "Onbranch” meydana çıxdı. Doğmalarım və dostlarım mənəvi, ixtisasım üzrə əldə etdiyim şəxsi gəlirlərim isə maddi dəstək oldu.

Nə qədər müddətdir bu layihə üzərində çalışırsınız?

3 ilə yaxın bir müddətdir ki, layihənin reallaşması üzərində işləyirik.

Layihənin dünya bazarına hansı yeniliklər gətirəcəyini düşünürsünüz?

Təsəvvür edin ki, siz səyahətə gedirsiniz. İnsanlar gəzir, şəkillər çəkdirib paylaşır.Bu, onu getdiyi yerə yox, yerli dostlarına birləşdirir. Amma bizim təkliflərimiz sizə getdiyiniz yerdə ətrafdakı insanları tanımağa, dost qazanmağa, virtual məkanların üstünlüklərindən yararlanmağa şərait yaradır. Əslində, bu, qlobal layihədir.

Elçin bəy, “İlin ən yaxşı startap”ı mükafatını qazandınız, növbəti addımlarınız nədir? Dünya bazarına Onbranch- ı çıxarmaq üçün hansı addımlar atmağı planlaşdırırsınız?

Biz ilkin olaraq layihəni Azərbaycanda tam işlətdikdən sonra biznes modeli kimi dünyada genişləndirmək fikrindəyik. Gürcüstanda və Türkiyədə layihəni tətbiq etmək üçün ilkin addımlar atmışıq. Bunu xarici müsabiqələrdə iştirak etməklə, qlobal restoranlar və brend şəbəkələri ilə rəsmi əməkdaşlıq çərçivəsində nəzərdə tutmuşuq.

Startap yaratmaq istəyən gənclərə nə məsləhət görürsünüz?

Hər hansı bir ideyanız varsa, onun təqdimat formasına salıb, müxtəlif insanlardan layihə ilə bağlı fikirlərini soruşun. Neqativ və sual doğuran məqamları həll edib texniki tapşırığı mükəməlləşdirin. Daha sonra həmin layihəni reallaşdırmaq üçün ən real görünən yolu seçin. İdeya mərhələsində çox vaxt itirmək olmaz. İnvestor və ya qrantı illərlə gözləmək ağılsızlıq olar. Belə etməyin! Komanda formalaşdırın. Layihəni bilən və işi görəcək insanlarla həmtəsisçi olaraq razılaşın və dərhal layihə hazırlığına başlayın. Komanda üzvlərini, həmtəsisçi seçərkən çox diqqətli olun. Bu, layihənizin taleyini həll edən vacib amildir. Çox startaplar bu mərhələdə uğursuz olub. Mən özüm Onbranch komandasının formalaşmasına 1 il vaxt sərf etmişəm. İndiki komanda fəxr ediləcək gənclərdən ibarətdir və daim genişlənməkdədir. Steve Jobs, Bill Gates, Mark Zuckerberg kimi düşünməyə, onların addımlarını təkrarlamağa çalışmayın. Ora Amerikadır, bura isə Azərbaycan və artıq 2018-ci idir. Öz strategiyanızı qurun, əgər alınmırsa, deməli startap yaratmaq sizin üçün deyil!

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin