Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Təbriz Ammayev: "Xaricdə oxumaq şərt deyil"

Oxu.Az-ın “Uğurun tarixi” layihəsinin növbəti qonağı azərbaycanlı gənclərin Azərbaycan Böyük Britaniya Məzunları İctimai Birliyinin (AUKAA) üzvü Təbriz Ammayevdir.

T.Ammayevlə söhbətimizə İngiltərədə iş imkanlarının müzakirəsi ilə başladıq. Müsahibim ilk olaraq Azərbaycanda işləmək və ölkəmizin iqtisadiyyatını öyrənməyə üstünlük verdiyini bildirdi.

Hansı universitetdə oxumusunuz?

- Bristol Universitetində maliyyə, mühasibatlıq və menecmentliyi oxumuşam. Öz ixtisasımdan fərqli ixtisas seçmişdim. Mən bakalavr təhsilimi Azərbaycan Dövlət Neft Akademiyasında almışam. İxtisasım Beynəlxalq iqtisadi münasibətlər, neft-qaz iqtisadiyyatı və idarə edilməsi idi. Bu ixtisası yüksək bal topladığım üçün seçdim.

Bəs Bristol Universitetindəki ixtisasınızı necə seçmisiniz?

- Bristol Universiteti dünyanın ən yaxşı universitetləri sırasında ilk 30-luqdadır. Amma mənim bu universiteti seçməyimdə başlıca səbəb ixtisas olub. Həm də Bristolda oxumaq Londonda oxumaqdan daha rahatdır. Burada həyat sakit axır, ancaq dərslərə adaptasiya olursan. Oxuduğum bu müddətdə Londonda bir neçə dəfə oldum. Mənim üçün əsas dərslərim və nəticələrimin yüksək olması idi. Amma demək istərdim ki, xaricdə oxumaq şərt deyil. Əsas  oxumağı istəməkdir. Yəni oxumaq istəyən adam həmin dərslikləri sifariş də edə bilər. Burda da oxuya bilər. Orada müəllimlər xüsusi heç nə etmirdi, ancaq dərsə maraq yaradırdı. Yəni xaricdə təhsil almağa hər kəs 60% oxumaq, 40% özünü formalaşdırmaq və inkişaf etdirmək üçün getməlidir. Xaricdə təhsil almağın məsuliyyəti də çox olur. Əsas səni gözləyənləri düşünürsən. Bu da oxumağa və yüksək nəticələrlə qayıtmağa motivasiya verir.

Yüksək nəticələr deyəndə nəyi nəzərdə tutursunuz? Yalnız qiymətləri…

- Yüksək nəticə biliklə qayıtmaq və nələri qazandığını sübut etməkdir.

Qayıtdıqdan sonra harada işləməyə başladınız?

- Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR). İndi yerli biznes strukturlarının inkişafı yollarını araşdırırıq. Neft-qaz sahəsində yeni biznes strukturlarının inkişafının araşdırılması maraqlıdır. İşiniz sizdən kreativlik tələb edəndə öyrəndiklərinizi tətbiq etməyə imkanlar yaranır. Yeni imkanlar isə yeni hədəflər yaradır.

Bir qədər də hədəfləriniz haqqında danışın…

- Hədəflər məqsədə aparan yoldur. Məqsədlər isə şəraitdən asılı olaraq dəyişir. Yəni rəqabət mühitindən asılı olaraq məqsədlər müəyyənləşir. Rəqabət olmayan mühitdə məqsəd özü sənə çatır. Əsas iş böyük rəqabət şəraitində düzgün hədəflər müəyyən edib məqsədə çatmaqdır. Gərək qarşına qeyri-mümkün məqsədlər qoymayasan. Hər zaman reallığı da nəzərə almaq lazımdır. Axı sizə edilən etimadı doğrultmalısınız.

Kimin etimadını?

- Valideynlərimizin, bizə işi həvalə edən şəxslərin və s. Bu günə kimi qarşıma qoyduğum məqsədlərə çatmışam. İxtisasımı, işimi istəyimə uyğun olaraq seçmişəm. Düzdür, indi daha maraqlı ixtisasları öyrənmək istəyirəm. Məsələn, layihə menecerliyini öyrənmək üçün Xəzər Universitetində təlimlərə gedirəm.

Təsadüfən siz də haradasa dərs demirsiniz?

- Bəli, mən də universitetlərimizin birində dərs deyirəm. Ümumiyyətlə, mən öyrəndikcə öyrətməyi sevən adamam. İstəmişəm ki, öyrəndiklərimi burada da tələbələrimə öyrədim. Bu gün əminliklə deyə bilərəm ki, tələbələrim mənim dediyim fənn üzrə Bristol Universitetinin tələbələrindən daha çox şey öyrənir. Çünki eyni mədəniyyətdən gəlirik, hər şeyi onların anlayacağı və qəbul edəcəyi şəkildə anladıram.

Təbriz, bəs sizcə uğura çatmaq üçün hansı xüsusiyyətlərə sahib olmaq lazımdır?

- Belə başlayaq ki, uğur başladığın işin sonunda sevinməkdir. Yəni uğur görəcəyin işin nəticəsini öncədən görmək və ona çatmaqdır. Və hətta gördüyünüz işdə gözlədiyiniz nəticəni əldə edə bilmədiyiniz halda səhvlərinizdən dərs çıxarmaqdır. Uğur lazım gəldikdə hədəflərinizi azaltmağı və artırmağı bacarmaqdır.

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin