Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

"Təhsil almaq yalniz dəb deyil, həm də son dərəcə vacibdir"

Ağıllı, mobil və interaktiv televiziya sadəcə zamanla gələn yenilik yox, həm də tendensiyadır. Teleşirkətlər tamaşaçının vaxtı və diqqəti uğrunda mübarizədə məhz bu tendensiyalara əməl etməlidir. Azərbaycan televiziyasının gələcəyi necə olacaq və sıraları ildən-ilə genişlənən telekanalları başa düşmələri üçün tamaşaçılara necə köməklik göstərmək olar? Bu və bir çox digər suallara cavab almaq istəyən R+ jurnalının əməkdaşı N. Vəliyeva populyar şoumen, prodüser şirkətlərindən birinin baş direktoru Murad Dadaşovla söhbətləşib.

Murad, sizi Azərbaycanın ən təcrübəli televiziya işçilərindən biri saymaq olar. Vaxtilə bir çox beynəlxalq treninq və seminarlarda iştirak etmisiniz. Fikrinizcə, Azərbaycan televiziyasının gələcəyi varmı?

 - Buna çox ümid edirəm. Televiziyamızda müsbətə doğru dəyişikliklərin olacağını güman edirəm. Bu, kifayət qədər uzun prosesdir. Bu gün milli televiziya inkişafının çox ağır mərhələsini yaşayır. Məşhur inqilab prinsipi - "yuxarılar bacarmır, aşağılar isə istəmir" fikrini dəyişdirərək deyərdim ki, televiziya məkanımızda tamaşaçıların yaxşı, keyfiyyətli verilişlərə ehtiyac hiss etdiyi, telekanalların isə bu tələbatı ödəyə bilmədiyi bir vəziyyət yaranıb. Soruşa bilərsiniz ki, başqa ölkələrdə telekanallar bu işin öhdəsindən necə gəlir? Məsələ ondadır ki, onların əksəriyyəti müəyyən sxem üzrə çalışır. Həmin sistem telekanallar arasında, televiziya məhsullarının istehsalçıları arasında iqtisadi münasibətləri nizamlayır. Telekanal yayım orqanı kimi müxtəlif layihələrin nümayişi və hazırlanması ilə məşğul olur. Adətən, telekanallar xəbərləri və bəzi sosial-humanitar verilişləri özü hazırlayır. Qalan bütün verilişlər - müxtəlif əyləncə və uşaq proqramları, şou-proqramlar, seriallar və digərləri istehsalçı qurumların işidir.

Telekanallar onlardan ən "dadlı" məhsulu almaqla məşğul olur. Bəs, bizdə necədir? Bizim telekanallar istehsalçıdan keyfiyyətli məhsulu almaq iqtidarında deyil. Ona görə də verilişləri, müxtəlif şouları özləri hazırlamağa girişirlər. Əksər hallarda bu, onlarda çox pis alınır. Bundan başqa, yerli televiziya kanalları hamısı reytinq arxasınca qaçır və bu, heç də həmişə xeyirə işləmir. Bu yaxınlarda Konstantin Ernstin müsahibəsini oxuyurdum. Deyir ki, reytinq dalınca qaçsaydım, Birinci kanalda günlərlə yalnız Petrosyan və "yeni rus qarıları"nın duetləri nümayiş olunardı. Əlbəttə ki, öz auditoriyanı bilməlisən. Amma bütün gücü "reytinq verilişlərinə" yönəltmək ağılsızlıqdır. Məsələn, sizin redaksiyanızda televizor var?

Xeyr. O, işçiləri işdən yayındırır.

- Belə çıxır ki, bütün günü işdə olan şəxslər - Bakıda isə əksər insan məhz bu cür işləyir - səhər və günorta yayımlanan verilişlərin auditoriyasına daxil deyil?

Belə çıxır...

- Demək, həmin verilişlərə evdar qadınlar və uşaqlar baxır. Onların isə televiziyadan o qədər də başları çıxmır. Hesab edirəm ki, "televiziya tərbiyəsinə" məhz elə onlardan başlanılmalıdır. Tamaşaçıya yaxşı zövq aşılamaq, keyfiyyətli, intellektual, maarifçi və əyləncəli verilişlər göstərmək lazımdır.

Azərbaycan telebazarındakı kontentin Avropadakından fərqini nədə görürsüz?

- Azərbaycanlı mentalitetinin Qərb insanının mentalitetindən fərqləndiyi aydındır. Məhz, bu səbəbdən, Azərbaycanda kontent yaradılan zaman bu, nəzərə alınmalıdır. Üstəlik, bizdə texniki təchizat inkişaf edir və bu, şübhəsiz ki, daha maraqlı effektlərdən istifadəyə, eyni zamanda kontentin daha da yaxşılaşdırılmasına imkan yaradır. Obrazlı şəkildə desək, əvvəl bizdə çox dadlı məzmunu, cəlbedici olmayan üz qabına büküb verirdilər. Yadınızdadırsa, ən dadlı yeməkləri görkəmsiz, kasıb qəlyanaltılarda alırdıq. Bu, ədalətsizlikdir. Dadlı konfet gözəl kağıza bükülməlidir. Bu gün dövlətimiz bu "qabığ"ı layiqlisilə əvəzləyir. Şəhər dəyişilir, yeni binalar tikilir, yeni parklar, incəsənət mərkəzləri yaradılır. Bu, əladır! Zövqü tərbiyələndirmək lazımdır.

Kabel televiziyasının peyda olması ilə bakılılar, demək olar ki, yerli telekanallara baxmağı dayandırıblar. Niyə belədir və vəziyyəti necə dəyişmək olar?

- Doğrudur. Əvvəllər "digər" telekanallara yerli əhalinin təxminən 15%-i baxırdısa, indi yerli telekanalları izləyənlər bu qədərdir. Qalanları xarici telekanallara üstünlük verirlər. Təəssüf ki, yerli telekanallar yalnız öz aralarında deyil, ilk növbədə, kabel televiziyası ilə rəqabət apardıqlarını heç cür anlamırlar. Bu rəqabətdə üstünlük isə heç də onlarda deyil. Televiziyada çalışan insanlar - veriliş aparıcısından tutmuş operator və ya işıqçıyadək - başa düşməlidir ki, daim öyrənmək və inkişaf etmək lazımdır. Maariflənmədən heç nə mümkün deyil! Ölkəmiz gündən-günə inkişaf edir və yaşayış şəraiti yaxşılaşır. İnkişaf üçün bütün şərait var. Sadəcə, əksər insanlar öz güclərinə inanmır və təşəbbüs göstərmirlər. Nə vaxtsa bütün problemlərinin yuxarıdan həll olunacağını gözləyirlər. Dünyanı gəzirəm və başqa ölkələrdə insanların necə yaşadığını görürəm. Məsələn, ABŞ-a baxaq. Azərbaycanda bizə elə gəlir ki, ABŞ çox zəngin ölkədir, əsl cənnətdir. Amma bu, sadəcə görüntüdür. Reallıqda amerikalılar səhərdən axşamadək işləyirlər. Onlar bütün günü çalışırlar və orada iş tapmaq o qədər də asan deyil. Bizimkilər amerikalılar kimi işləyə bilməz. Biz bir qədər zəif, çox arxayın və ləngik. Xasiyyətimizi bir qədər dəyişməliyik.

Daha fəal olmaq, öyrənmək, inkişaf etmək lazımdır. Ən böyük bəlamız kadr çatışmazlığıdır. Həqiqətən də, bütün sahələrdə əsl peşəkar çatışmazlığı var. Bu məsələni necə həll etmək olar? Təhsili yaxşılaşdırmaq, oxumağın yalnız dəb yox, həm də son dərəcə vacib olduğuna dair təbliğat aparmaq lazımdır. Mən nəyin bahasına olursa olsun, efirə çıxmağa çalışan insanları başa düşmürəm. Onlar üçün fərqi yoxdur, deməyə sözləri var, ya yox, kamera qarşısında dayana bilirlər, ya bilmirlər, buna peşəkarlıqları çatır, ya çatmır. Hamı məşhur olmaq istəyir. İddialı olmaq yaxşıdır. Amma eyni zamanda oxumalı, inkişaf etməli olduğunu da anlamalısan.

Belə çıxır ki, bütün məqamlar nəzərə alınarsa və prioritetlər dəyişdirilərsə, televiziyamızı irəli aparmaq olar? Uğurlu televiziyanın formulu elə budur?

- Elədir ki, var. Hər şeydən əvvəl telekanallarla istehsalçılar arasında iqtisadi münasibətləri düzəltməliyik. Auditoriyamızı dəqiq bilməli və prioritetləri düzgün müəyyənləşdirməliyik. Azərbaycanın müharibə şəraitində olduğu unudulmamalıdır. Dövlətimizin mövqeyini dəqiq bilməliyik. Dövlət prinsiplərinə zidd olan verilişlərə ehtiyacımız yoxdur. Axı, biz - Azərbaycan vətəndaşları o qədər də çox deyilik. Cəmi 9 milyon. Başa düşməliyik ki, gələcəyimizi yalnız birlik, mənəvi inkişaf və milli dəyərlərin qorunması xilas edə bilər. Milli dəyərlər sadəcə gözəl söz deyil. Bu, məsələn, kriminal xəbərləri azalda biləcək çox vacib məsələlərdir. Son zamanlar oğulun atanı qətlə yetirməsini, qardaşın qardaşı öldürməsini nə qədər eşidirik? Bunlar nədən baş verir? Çünki dəyərlərimizi unuduruq. Onun nəsildən-nəslə keçməli olduğunu yaddan çıxarırıq. Bu, şərəf, namus və insanpərvərlik prinsipləridir. Televiziyalar bu məsələdə özünəməxsus tərbiyəçi rolu oynamalıdır. Axı, hamımız hər gün televizora baxırıq.

Televiziya insanın düşüncəsini dəyişə bilər. Onun bu mənada xeyir gətirməsi yaxşı olardı. Ətrafımızda dünya dəyişir. Azərbaycan Avropaya inteqrasiya edir. Bu gün bir çox həmvətənimizin beynində xaos yaranıb - Şərq-Avropa qarışığı. Bu insanlar kim olduqlarını heç cür müəyyənləşdirə bilmirlər. Avropalıya oxşamaq arzusu ilə genetik yaddaşlarını itirirlər. Belə insanlarla son dərəcə ehtiyatlı olmaq lazımdır. Onlara izah olunmalıdır ki, milli kimliyini itirmədən də müasir, dəbə uyğun olmaq mümkündür. Əks təqdirdə, günlərin birində ayılacağıq ki, tamamilə başqa dəyərlərin hökm sürdüyü başqa bir ölkədəyik.

Televiziyanın sehrli gücü nədədir?

- Televiziyanın insanların düşüncəsini dəyişdirmək, onu daha yaxşı etmək bacarığında. Və əlbəttə ki, o, öyrətmək qabiliyyətinə malikdir. Uşaqlar televizora böyüklərdən daha çox baxır. Bizim ailədə, əsasən, Azərbaycan dilində danışılır. Uşaqlar lap kiçik olduqda rus dilini bilmirdilər. Rus dilini cizgi filmləri, rus dilində verilişlər sayəsində öyrəndilər. Odur ki, televiziya nəinki tərbiyə verə, yeni informasiya ötürə, həm də öyrədə bilir.

Bəs, şəxsən sizi yerli telekanallarda qane etməyən nədir?

- Çox şey. Telekanallarımızda ulduzların iştirak etdikləri, özlərini göstərdikləri və hətta münasibətlərini aydınlaşdırdıqları musiqili verilişlər həddindən artıq çoxdur. "Maqazin" verilişlərinə o qədər aludə olmuşuq ki, sanki Azərbaycanın müharibə şəraitində olduğunu yaddan çıxarmışıq. Fikir verin, bir dənə də ciddi hərbi mahnımız yoxdur! Əsgərlərin gitaranın müşayiətilə oxuya biləcəkləri bir dənə də mahnı yazılmayıb. Bizdə sosial-vətənpərvərlik reklamları yoxdur. Orduda xidmət etməyin əsil kişilik olduğu yazılmış reklam şiti və ya bilbord görmüsünüzmü? Bizdə, hətta sosial reklamda "düşmən obrazı" da yoxdur.

Mən vətənpərvərlik tərəfdarıyam. İnsanlar vətəni düşməndən qorumağa istənilən an hazır olmağın vacibliyini anlamalıdırlar. Bunu yaddan çıxarmaq olmaz. Ordumuz haqqında, real əsgərlərə dair real hadisələrin çəkildiyi film və ya verilişlər niyə yoxdur? Gənclərin əsgərlikdə günlərini necə keçirdiklərinə, qızların sevdiyi oğlanın əsgərlikdən qayıtmasını necə gözlədiyinə dair niyə heç bir filmə, verilişə rast gəlinmir? Telekanallarımızda orduda xidmət etməyin hörmətli olduğu, kişilik olduğu niyə təbliğ edilmir? Yaxud bu gün ölkəmizdə Azərbaycan polisinin imici çox aşağıdır. Bu, düzgün deyil. Paytaxt polisinin yeni obrazı formalaşdırılmalı, cəmiyyətin poqonlu insanlara olan fikrini dəyişdirmək lazımdır. Hüquq mühafizə orqanlarında çalışan insanların əslində necə olmalı olduqlarını verilişlərdə, seriallarda göstərmək lazımdır. Onda polisin özü də bu ideala can atacaq.

Sovet İttifaqı dağıldıqdan sonra respublikaların hər biri müstəqillik əldə edərək öz yolunu seçdi. Fikrinizcə, məsələn, Ukraynada və ya Rusiyada televiziya niyə bizdəkindən daha çox inkişaf edib?

- Bir daha təkrar edirəm, hər şey televiziya layihələrinə ciddi yatırımların edilməsindən asılıdır. Ukraynada və Rusiyada çoxlu sayda telekanal və öz işini peşəkarcasına görən çoxlu sayda insan var. Hətta o qədər də böyük olmayan Qətər dövləti "Əl-Cəzirə" kimi miqyaslı beynəlxalq telekanal yarada bilib. O, bütün dünyanın tanıdığı güclü informasiya imperiyasıdır. Azərbaycanda da belə bir telekanalın yaradılması üçün bütün imkanlar var. Təəssüf ki, yerli kadrlar çatışmır. Cəmiyyətimiz artıq uşaq olmayan, amma tam böyüməmiş yeniyetməni xatırladır. O, hərdən cəsarətli və dözülməz olur, hərdən isə uşaqlıq edir. Zaman-zaman başa düşməsi üçün onunla çox sərt danışmaq, bəzən isə başını sığallamaq və tərifləmək lazım gəlir. Xalqımız da bu yeniyetmə kimi, ömrünün elə dövrünü yaşayır ki, nə öyrənəcəyindən, hansı dəyərləri mənimsəyəcəyindən onun gələcəyi asılıdır. Bizim əksəriyyətimiz özümüz üçün yaşaya bilmirik. Biz kimlər üçünsə yaşayırıq. Bəlkə də, küçədə gülümsəyən insanlara nadir hallarda rast gəlinməsinin səbəbi də budur. Hamı qaşqabaqlı, qəmgin gəzir, hər kəs "ciddi problemlərin həlli" ilə məşğuldur.

Hamı bahalı maşınlarda gəzmək istəyir, halbuki  maddi durumu buna imkan vermir. Belə insanlar üçün hər şey imicdən ibarətdir! O, daim publikaya oynayır və ətrafdakıları istifadə etdiyi brendlərə və ya maşınlara görə qiymətləndirir. Yadımdadır, bizim "Maşın" şou zamanı efirə müxtəlif tanınmış simaları çıxarırdıq. Onlardan bəziləri artıq ulduz idi, bəziləri isə hələ yeni-yeni ortaya çıxırdı. İlk verilişdən sonra təcrübəli ulduzlar lider idilərsə, sonuncu verilişlərdə gözlənilmədən insanları xarici görünüşü və ya ulduz imici ilə yox, intellekti, özünü kamera qarşısında aparmaq bacarığı ilə cəlb edən şəxslər önə çıxmağa başladı. Bu veriliş həyatda rolların hansı prinsiplərlə bölünməsinin bir nümayişi idi. Bir də, başqasının uğuruna paxıllıq etmək lazım deyil. Hərəmizin öz yolumuz var. Hər birimiz öz pulunu qazanır. Allah hər kəsi öz əməyinə görə mükafatlandırır. Bütün günü əziyyət çəkən, lakin bunun qarşılığını almayan insan yoxdur. Belə hal baş verirsə, demək, həmin insan haradasa "xaltura" edir, var qüvvəsini işə qoymur. Əlbəttə ki, bəxti gətirməyən uğursuzlar da var. Amma belələrinin sayı çox azdır. Əminəm ki, hətta onların da nə vaxtsa həyatlarını dəyişmələri üçün şansları olub. Mənim öz uğur formulum var. Hiss etmişəm ki, nəyisə kiminsə acığına yox, sadəcə özüm üçün etdikdə, kiməsə nə isə sübut etməyə çalışmadıqda uğur qazanıram. Paxıllıq bizi məhv edir.

Boş vaxtlarınızda hansı verilişlərə baxırsınız?

- İlk növbədə, xəbərlərə baxıram. Çünki həm Azərbaycanda, həm də dünyada baş verənlərdən xəbərdar olmalıyam. Kiçik oğlum, iki yaşlı Ziya heyvanlar haqqında olan verilişləri sevir. Birlikdə baxırıq. Əvvəllər belə verilişlərə baxmağa səbrim çatmırdı. İndi maraqlanıram... Çəkilişlərdə inanılmaz texnika olur! Onları tammetrajlı bədii film kimi çəkirlər. Sadəcə baş rollarda vəhşi heyvanlar olur. Bir belə verilişin ərsəyə gətirilməsinə nə qədər güc və səbir xərcləndiyini təsəvvür edin! Çəkiliş qrupu bəzən aylarla cəngəlliklərdə, savannalarda yaşamalı olur! Onlar əsl peşəkardırlar! Yeri gəlmişkən, əminəm ki, gələcəkdə yerli telekanallarımız da xüsusi kanalların yaradılması istiqamətində inkişaf edəcək. Yəni idman, musiqi, seriallar, xəbərlər və sairə ayrı-ayrı kanallarda sutka ərzində baxmaq mümkün olacaq. Proses artıq başlayıb və "Mədəniyyət", "İdman" kimi kanallarımız yaradılıb. Hesab edirəm ki, ilk növbədə, uşaq və yeniyetmə verilişlərinin inkişafına diqqət yönəldilməlidir. Çünki artıq qeyd etdiyim kimi, tamaşaçını ən gənc yaşdan tərbiyələndirmək lazımdır. Bu gün keyfiyyətli uşaq və yeniyetmə verilişləri hazırlasaq, 5 ildən sonra yaxşı zövqə malik sağlam auditoriya qazanacağıq. 

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin