Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Vahid Mürsəliyev: Çalışacağıq ki, müştərilər bizdən inciməsin

“İnsanın məqsədi, iradəsi, mübarizə etmək qabiliyyəti varsa, Allah ona yol açacaq”.

Oxu.Az Azercell Telecom şirkətinin prezidenti Vahid Mürsəliyev ilə müsahibəni təqdim edir:

Sizin rəhbərliyiniz altında Azercell dəyişən bazara hansı təkliflərlə çıxmağı planlaşdırır?

- Whatsapp, Skype, Viber, Facebook və s. kimi sosial platformaların tətbiqi bizim biznes üçün ciddi sürətdə itki deməkdir. Amma biz onlardan faydalanmağı bacarmalıyıq. Soruşa bilərsiniz ki, necə? Məsələn, bu platformalardan istifadə etmək istəyən abunəçilərin mütləq internetə çıxışı olmalıdır. Buna görə də, biz 2015-ci il ərzində internetin qiymətlərini 55% azaltmışıq. Məhz bunun nəticəsidir ki, internetdən istifadə edənlərin həcmi 39% artıb.

Hazırda bazarda baş verən dəyişikliklərə uyğun mobil operatorlar daha çevik olmalıdırlar. Bazara dərhal adaptasiya olmaq lazımdır. Məndən əvvəlki rəhbərlər də bunu nəzərə alıb, şirkət daimi bazarla ayaqlaşa bilib.

Biz bilirik ki, indi səsli danışıqdan daha çox mesajlaşma və s. populyardır. Biz isə nə etməliyik? İnternetdən istifadəni asan hala gətirməliyik. Qiymət siyasətimizə yenidən baxmalıyıq, daha böyük ərazilərə yayılmalıyıq.

Vahid bəy, 4G-dən danışdınız. Bilmək istərdik bütün ölkə əhalisinin 4G-yə çıxışı nə vaxt təmin ediləcək?

- Bununla bağlı yanlış bir proqnoz vermək istəmirəm. Amma hazırda bizim əsas strateji hədəflərimizdən biri də məhz budur. Özəlliklə kənd və rayonlarda bu xidmətdən istifadəni genişləndirməkdir. Bakıda və Abşeronda onsuz da xeyli ərazidə bu xidməti göstərə bilmişik. Azərbaycanda və Zaqafqaziyada 4G-ni kommersiya istifadəsinə ilk biz vermişik 3G xidməti isə demək olar ki, hər yerdə var.

Bir müddət öncə isə bizim daxili müzakirələrimiz olmuş, 4G-nin tətbiqinin genişləndirilməsi üçün müəyyən tədbirlər planı müzakirə etmişik. Belə ki, 5 regionda 4G xidmətinin genişləndirilməsi üçün tədbirlər görəcəyik. Sonra isə bu xidmətin bütün ölkəyə yayılmasını planlaşdırırıq. 

Bu gün Azərbaycanın əsas prioritet vəzifələrindən biri qeyri-neft sektorunun inkişaf etdirilməsi yolu ilə büdcəyə ödənişlərin həcmini artırmaqdır. Necə düşünürsüz, sizcə biz bu məsələdə kifayət qədər gec qalmamışıqmı? Azərbaycan hansı istiqamətlərdə inkişafa üstünlük verməlidir?

- Dünya bazarında neftin kəskin ucuzlaşması bir çox ölkələrdə olduğu kimi bizə də öz təsirini göstərir. Amma bununla belə düşünürəm ki, biz enerji resurslarından, qaz yataqlarından çox uğurla istifadə etmişik. Belə ki, qısa müddət ərzində fantastik hesab edilə biləcək infrastruktur yaradılıb. Ölkənin iqtisadiyyatı çox böyük sıçrayış edib. Bu, danılmaz faktdır. 

Amma dünyanın heç bir ölkəsi təkcə enerji resurslarına güvənib, uzunmüddətli strategiya qura bilməz. Çünki bunlar gec-tez tükənə bilərlər. 

Hətta ABŞ-da artıq elektriklə işləyən avtomobillərdən istifadə etməyə başlayıblar. Sudan bioloji yanacaq düzəldib, təyyarə yanacağı kimi istifadə etmək məsələsi gündəmdədir. Yəni, bu cür sistemlər yarandıqca enerji resurslarına tələbat kəskin azalacaq. Bunun üçün də Azərbaycanda qeyri-neft sektorunu inkişaf etdirmək vacibdir. Son illər bu sahədə Azərbaycan ciddi işlər görür. Bu sahədə dövlətimizin siyasətini yüksək qiymətləndirirəm. 

Azərbaycanda qeyri-neft sektoru dedikdə ilk ağlıma gələn də İKT sektoru olur. Qeyd edim ki, bununla bağlı bir neçə dəfə Azərbaycan Prezidenti Fərman, Sərəncamlar imzalayıb. Düşünürəm ki, 2020-ci ildə dövlət büdcəmizə informasiya kommunikasiya texnologiyaları sahəsindən gələn gəlir, neft sektorundan gələn gəlirləri aşacaq. Sualınıza gəldikdə isə düşünmürəm ki, Azərbaycan bu məsələdə gec qalıb. 

Şirkətin yeni sahiblərindən nə gözləyirsiz?

- TeliaSonera şirkətinin Avrasiya bazarını tərk etməsi əslində Azercell-in satılması anlamına gəlmir. Turkcell şirkətinin TeliaSonera-nın Fintur Holding şirkətindəki payını alması məsələsinə gəldikdə isə, bu şirkət holdinqdə ikinci təsisçidir. Beynəlxalq hüquqda belə bir anlayış var ki, təsisçilərdən biri öz hissəsini satmaq istəyirsə, ilk olaraq digər təsisçiyə bunu təklif edir. Həm də elan edir. Ta ki digər təsisçi rəsmən imtina etməyənə qədər başqa danışıqlar getmir. 

Turkcell şirkəti bununla bağlı iki dəfə rəsmi press-reliz yayıb və bu alqı-satqı ilə bağlı rəsmi təklif irəli sürdüyünü bəyan edib.Hal-hazırda tərəflər arasında danışıqlar gedir. Onu da qeyd edim ki, əgər danışıqlarda hər-hansı irəliləyiş olacaqsa, bu barədə TeliaSonera şirkəti ictimaiyyəti məlumatlandıracaq. Şirkətin son addımı, yəni Nepal bazarından çıxışı da buna sübutdur. Belə ki, Nepalda Ncell şirkətinin satılması ilə bağlı ilkin sənədlər imzalandı. Cəmi bir neçə saat sonra isə TeliaSonera şirkəti artıq ictimaiyyətə rəsmi açıqlama vermişdi. 

Sual verə bilərsiniz ki, tək alıcı Turkcell şirkətidirmi? Onu deyim ki, ola bilər ki, hansısa başqa bir şirkət hissələri almaqda maraqlıdır. Yəni, başqa alıcılar da ola bilər. Amma bu gün rəsmi bəyanatla çıxış edən tək şirkət Turkcell-dir.  

Hazırda bazarda 3 oyunçu var. Sizin rəhbəri olduğunuz şirkət isə bazarın 48%-nə nəzarət edir. Bu sahədə rəqabət sizin üçün nə deməkdir?

- Qətiyyən. Mən hətta istərdim ki, şirkətin bazarda payı 48%-dən də artıq olsun. Əlbəttə, bizim mobil operatorlar arasında olan rəqabətimiz müştəriyə hesablanıb. Yəni, qazanan onlar olur. Biz əlbəttə qorxmuruq. Amma çevik olmalıyıq. Bazarda baş verən istənilən dəyişikliyə reaksiya verməliyik. Həm də bizim çox mükəmməl kollektivimiz var. Düşünürəm ki, biz bazarda liderlik mövqeyini uzun illər qoruyub saxlayacağıq. 

Bir qədər də şirkətin 2016-cı il üçün yenilikləri barəsində bilmək düşünürəm pis olmazdı...

- Mən indi bütün detallara açıqlamayacağam. Amma ümumi şəkildə deyə bilərəm ki, tam əvvəlki illərdə olduğu kimi Azərbaycana yeni texnologiyaların gətirilməsinə davam edəcəyik. Müştərilərə yeni xidmətlər təklif ediləcək. 4G xidmətinin genişləndirilməsini planlaşdırırıq. Yeni kampaniyalar ilə bazara çıxacağıq. Biz deyirik 4G-ni gətirəcəyik. Amma onu dəstəkləyən cihaz da olmalıdır. Bizim bölgələrdə 4G-ni dəstəkləyən cihazlar çox azdır. Nə etməliyik? Biz onu abunəçilərimiz üçün əlçatan etməliyik.

Bu gün, bəli, bu tipli cihazlar bəzən bizim alıcıların cibinə uyğun olmur. Büdcəsinə uyğun olmur. Şirkət müəyyən güzəştli kampaniyalar və s. ilə bazara çıxır. Məhsullarını öz müştərilərinə təklif edir. Növbəti ildə Azercell şirkəti ənənəsinə davam edəcək. Hətta onu da qeyd edim ki, təsisçilərin dəyişilməsi belə şirkətin fəaliyyətinə zərrə qədər də təsir etməyəcək.

Yeni məhsulların bazara təqdim edilməsi istiqamətində də əməkdaşlarımız çox çalışır. Hətta onların arasında gecə saat 11-12-yə qədər işləyənlər var. Amma şirkət onların qarşısında belə bir məcburiyyət qoymayıb. Yəni, bu gün Azercell-də korporativ mədəniyyət var. Hamı şirkətə özünkü kimi baxır.

Vahid bəy, dekabrın 21-də Azərbaycan üzən məzənnə rejiminə keçib. Bu, Azercell-in fəaliyyətinə, tariflərə necə təsir edəcək?

- Təbii ki, çətin dövrdür. Biz artıq bir dəfə yaşamışdıq bunu, ikinci dəfə oldu. Amma bu, gözlənilən idi, qaçılmaz idi. Biz neft ixrac edən ölkəyik. Dünya bazarında neftin qiymətləri isə təxminən 3 dəfə aşağı düşüb. Təbii ki, bu halda manatın məzənnəsini olduğu kimi qoruyub saxlamaq mümkün deyildi. Bu hal ölkə iqtisadiyyatına daha çox zərər verə bilərdi.

Ölkə iqtisadiyyatını xilas etmək baxımından məncə qaçılmaz və doğru addım idi. O ki qaldı devalvasiyanın bizim müştərilərə, eləcə də şirkətə təsirinə, onu deyim ki, bizim strategiyamızda müştərilər həmişə birinci olub. Onların məmnuniyyəti bizim üçün prioritet olub. Ona görə də biz əlimizdən gələni edəcəyik, çalışacağıq ki, onlar bizdən inciməsinlər. Nə qiymət, nə də xidmət baxımından. 

Vahid bəy, neçə saat telefon ilə danışırsınız? Nömrəniz daim açıq olurmu? 

- 24 saat açıqdır. Tək mən deyil, şirkətin əməkdaşlarının hamısının nömrələri xidmətlidir. İşimiz dinamik olduğundan buna məcburuq. Azərbaycan əhalisi 24 saat telefondan istifadə edir. Elə buna görə də Azərbaycanda 24 saatlıq müştəri xidmətləri ilk dəfə Azercelld tərəfindən yaradılıb. Telefonumuz da buna görə daim açıq olmalıdır. Çox danışırsınızmı sualına gəldikdə isə onu deyim ki, gələn zənglərdən asılı olaraq bu gün ərzində 1-2 saat ola bilər. 

Bu gün şirkətin ilk azərbaycanlı rəhbəri kimi Azərbaycan gənclərinə hansı tövsiyələri verə bilərdiniz?

- Birincisi, gənclərə tövsiyəm odur ki, vətənpərvər olsunlar. Vətənlərini, dövlətlərini, dillərini sevsinlər. İkincisi, mütləq müəyyən bir səviyyədə təhsil alsınlar. Ali təhsil almaq xatirinə təhsil almasınlar. Belə olarsa onlar sıravi mütəxəssis olacaq, amma indiki zəmanədə sıravi mütəxəssis olmaq azdır. İndiki zəmanədə, liderlik, idarəetmə, doğru zamanda doğru qərar qəbul etmə bacarıqları çox vacibdir.

Məqsədyönlü olsunlar. Qarşılarına məqsəd qoysunlar. Məqsədə çatmaq üçün isə mütləq mübariz olsunlar. Bir sözlə, elm, təhsil və ya peşə sahibi olsunlar. Bir də çox vacibdir ki, xeyirxah və insanpərvər ruhda böyüsünlər. Məncə dünyada ən gözəl hisslərdən biri də ehtiyacı olan insanlara əl tutmaqdan aldığın məmnuniyyət hissidir.

Böyüklərə, kiçiklərə münasibətdə hörmətli olsunlar. Ola bilər ki, qarşındakı səndən savadsız, yoxsul, kimsəsiz biridir, amma onlar da şəxsiyyətdir. 

İnsanda olması vacib olan iki hiss var: qorxu, bir də utanmaq hissi. Onlar olmasa insanlar həm özləri, həm yaxın ətrafları, həm də cəmiyyət üçün çox təhlükəli olarlar. Həmişə deyirəm ki, ALLAH bu hissələri bizim insanlardan almasın. 

Siz həm hazırkı Bakı Dövlət Universitetinin məzunusunuz, həm də ABŞ-da təhsil almısız. Qərb və Azərbaycan təhsili barədə fikirlərinizi bilmək maraqlı olardı – bu gün Azərbaycan təhsili nədə uduzur?

- Məhz bu gündən danışırıqsa, fikrimcə ABŞ, İngiltərə, İsveçrədə və bəzi başqa Qərb ölkələrinin böyük əksəriyyətində ali təhsil bütün məqamlarda irəlidədir. Bəlkə həmin ölkələrdə orta təhsil almaq bizə nisbətən daha rahatdır. Amma ali təhsil sistemi onlarda çox yaxşı qurulub.

Qərbdə təhsil alanlar hazır kadr kimi ölkələrinə qayıdırlar. Ölkəyə qayıtdıqda bildiklərini sadəcə tətbiq etmək qalır. Mən demək istəmirəm ki, bizdə bu sistem çox pisdir, amma Azərbaycanda da yavaş-yavaş islahatlar aparılır. Bu da normal bir şeydir. Biz müstəqil, gənc dövlətik, ona görə də təhsil sistemimizə də təkmilləşmək və islahatlar aparmaq üçün, digər sahələr kimi, vaxt lazımdır. Mən bir nümunə kimi Sinqapur dövlətini göstərə bilərəm.

Zamanında onların təhsil sistemi yox dərəcəsində idi. Sonra onlar da ciddi islahatlara başladılar və xeyli sayda gencleri dünyanın müxtəlif ölkələrinə təhsil almağa göndərdilər və həmin gənclər ölkələrinə qayıtdıqdan sonra daha çox təhsil sahəsində çalışmağa başladılar. İndi Sinqapurun təhsil sistemi öz səviyyəsinə və mükəmməlliyinə görə dünyada dördüncü yerdədir. Ən maraqlısı odur ki, indi Singapur hər il təhsildən milyonlarla gəlir əldə edir.Bəli, hal-hazırda bizim universitetləri bitirib, yüksək vəzifələrdə çalışan insanlar kifayət qədərdir.

Tək onu misal gətirim ki, Azercell şirkətində çalışan işçilərin 95%-dən çoxu Azərbaycanda təhsil alıb. Xaricdə təhsil alanların sayı bizim şirkətdə azdır. Onu da qeyd edim ki, bizim şirkətdə ölkəmizdə təhsil almış elə proqramçılar çalışır ki, onalrın bəziləri, hətta deyərdim dünya səviyyəli mütəxəssislərdir. Baxmayaraq ki, yuxarıda qeyd etdiyim kimi, onlar öz ölkəmizdə təhsil alıblar. Amma şübhə yoxdur ki, vaxt gələcək bizim də dünya standartlarına uyğun mükəmməl təhsil sistemimiz olacaq.

Vahid bəy, mütaliəyə vaxt ayıra bilirsinizmi?

- Obrazlı ifadə etsək, mütaliəni “yerdə” deyil, ancaq “göydə” edirəm. Yəni təyyarədə. Mütaliəni çox sevirəm. Amma səmimi etiraf etmək lazımdır ki, çox zaman buna vaxt ayıra bilmirəm. İşimizin xarakteri elədir ki, çox tez-tez ezamiyyətdə oluruq. Elə bu zaman mütaliə edirəm. Bunun da iki səbəbi var. Birincisi, heç cürə təyyarədə yata bilmirəm. İkincisi isə mütaliə yolu yaxınlaşdırır. Ona görə də, hər ezamiyyətim vaxtı bir və ya iki bədii əsər oxuyuram. Adətən isə bu Çingiz Abdullayevin əsərləri olur. Belə deyək, o yazmaqdan, mən isə oxumaqdan yorulmuram. Evdə isə buna vaxt tapa bilmirəm, çünki yorğun oluram. 

Onu da sizə deyim ki, mənim musiqi təhsilim var. Tarda çalıram. Əsasən evdə boş vaxt tapan kimi qonaq otağına keçib, orda özüm üçün tar çalıram. Təkcə tar deyil, eləcə də ud və gitaradan da istifadəni bacarıram. Hətta gənc yaşlarımda televiziyada bir dəfə ud, bir dəfə də gitara ilə “görünmüşəm”. Görünmüşəm ona görə deyirəm ki, rayonumuzun ansamblının tərkibində hansısa bir musiqi festifalında çıxış etmişəm. Soruşa bilərsiniz ki, tarda ifa etməyə maraq sizdə necə yaranıb? Bu uşaq vaxtı valideynlərimin təşəbbüsü ilə olmuşdu, amma təbii ki, mənim də istəyim nəzərə alınmışdı.

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin